Peşə məktəblərinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbuluna START VERİLDİ

Peşə məktəblərinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbuluna START VERİLDİ

İyulun 22-dən Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan peşə məktəblərinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinə başlanılıb.

“İNFONEWS” – un Agentlikdən əldə etdiyi məlumatında bildirilib ki, peşə təhsili müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi çalışmaq istəyən şəxslər ixtisaslaşdıqları istiqamət üzrə iyulun 22-29-da portal.edu.az elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Ümumilikdə 1275 vakant yer ayrılıb. Müsabiqə çərçivəsində Bakı və regionlarda yerləşən peşə təhsili müəssisələri üzrə 551 müəllim, 574 istehsalat təlimi ustası, 82 yüksək texniki peşə təhsili səviyyəsi üzrə vakansiya elan olunması proqnozlaşdırılır. Cari ildən etibarən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında yerləşən peşə təhsili müəssisələrinə də işə qəbul prosesi mərkəzləşdirilmiş müsabiqə vasitəsilə aparılır və 68 vakant yer nəzərdə tutulub.

İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsi elektron ərizələrin qəbulu, təqdim edilən məlumatların müsabiqənin şərtlərinə uyğunluğunun müsabiqə komissiyası tərəfindən yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərindən ibarətdir. Ərizələr təsdiq edildikdən sonra avqustun 2-də test imtahanı aparılacaq. İxtisas fənn müəllimi vakansiyası üzrə müraciət edən namizədlər ixtisas modulları üzrə təhsil proqramlarına aid 40 sual və tədris metodikasına və təlim strategiyalarına aid 20 sual, istehsalat təlimi ustası vakansiyası üzrə müraciət edən namizədlər tədris edəcəyi təlim modullarına aid 40 sual, təlim metodikasına və təlim strategiyalarına aid 15 sual, həmçinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarına aid 5 sualdan ibarət test imtahanında iştirak edəcəklər. İxtisas fənn müəllimi və istehsalat təlimi ustası üzrə test imtahanında ümumi 40 bal və daha yüksək nəticə göstərən şəxslər vakant yerlərin seçiminə buraxılır. Namizədlərə maksimum 8 vakant yer seçmək imkanı verilir.

Müsahibə mərhələsində namizədlərin ümumi dünyagörüşü, peşə keyfiyyətləri, ünsiyyət, təlimi planlaşdırma, təlimin təşkilində istifadə olunan forma və üsulları tətbiq etmək bacarığı komissiya tərəfindən yoxlanılır. Müsahibənin nəticəsinə əsasən namizədin vəzifəyə uyğun olub-olmaması barədə qərar verilir. Müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinə qanunvericiliklə müəyyənləşdirilmiş və aşağıda qeyd edilən tələblərə uyğun namizədlər müraciət edə bilər:

İxtisas fənn müəllimləri – orta ixtisas və ya ali təhsilli və ixtisası üzrə istehsalat və xidmət sahələrində ən azı 1 il əmək stajı olan şəxslər;

İstehsalat təlimi ustaları – peşə, orta ixtisas və ya ali təhsilli və ixtisası üzrə istehsalat və xidmət sahələrində ən azı 5 il əmək stajı olan şəxslər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir