Milli Mətbuatının yaranmasında mühüm rol oynayan 3 şəxs və “Əkinçi”nin bağlanma səbəbi
“İNFONEWS” təqdim edir.
Azərbaycanın Milli Mətbuatının yaranmasında mühüm rol oynayan 3 şəxs
“Əkinçi”nin bağlanma səbəbi
Azərbaycanda “Əkinçi”yə qədər ANA dilində mətbu orqanı yox idi. Odur ki, 1875-ci il iyulun 22-də ilk “Əkinçi”nin sayı çap olunduğu gün milli mətbuatımızın əsası qoyulur.
Qəzetin yaranmasında Həsən bəy Zərdabiyə üç nəfər böyük dəstək olur:
Birinci, Qafqazda Azərbaycan dilində qəzetin nəşr edilməsi ideyası və ilk təklif edən 1831-1837-ci illərdə Qafqazın sərdarı olan, alman əsilli Qriqori Vladimiroviç Rozen olub. Məhz O, “Tatar xəbərləri” qəzetinin təsis edilməsi ilə bağlı 1831 -ci ildə Xalq Təhsil naziri, knyaz Karl Livenə, eləcə də, daxili və xarici işlər nazirliklərinə məktublar göndərərək yazırdı ki, Zaqafqaziyada, xüsusilə Azərbaycanda yaşayan müsəlmanlar üçün türk-tatar dilində qəzet təsisinə ciddi ehtiyac var. Baron Rozen 1831–1837-ci illərdə Qafqazın sərdarı olub.
İkinci, Həsən bəy Zərdabi ilk Azərbaycan dilli qəzet nəşr etmək üçün Bakıda bir neçə milyonçuya müraciət edir. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev və digərləri ona pul vermirlər. Səbəb kimi də Rusiya imperiyasının Ana dilində qəzet çıxarılmasına qarşı olması idi. Hacı Zeynalabdin Tağıyev iki erməni qəzeti, bir rus dilli, Hindistanda nəşr olunan qəzetə aylıq pul verirdi, amma Zərdabiyə ana dilində qəzetə maliyyə ayırmaq istəmədi. Musa Nağıyevin işlər müdiri heç Zərdabini qəbul eləmədi. Şəmsi Əsədullayev gəmilərinin borcu olduğunu bəhanə elədi.
Zərdabinin köməyinə Abdulla Bakıxanov gəldi. Rusiya imperator ordusunun general-mayoru, Azərbaycan yazıçısı və maarifçisi Abbasqulu ağa Bakıxanovun ata bir, ana ayrı qardaşı olan Abdulla Bakıxanov 10 min qəzetə maliyyə ayırdı. Bu 10 min içərisində Zərdabi dörd dəfə İstanbula səfər edib mətbəədə qəzeti çap etmək üçün şirift (hərflər ) almaq, qəzetin dörd nömrəsinin çapı və yerli məmurlara rüşvət verib qəzetin çapına razılıq almaq daxil idi. Qəzet çapa izn verilən günü Abdulla Bakıxanov Zərdabiyə yazır ki, nə qədər pul lazımdır əlavə verməyə hazırdı, təki ana dilində qəzet dayanmasın və işləsin. Ana dilində belə qəzetin çıxmasını çox vacib hesab edən Abdulla Bakıxanov öz şəxsi tanışları vasitəsilə də qəzetin nəşrinə izn almağa çalışırdı.
Üçüncü, Azərbaycan dilində ilk qəzet nəşr etmək istəyən Həsən bəy Zərdabi 7 illik mübarizədən sonra onun icazəsini ala bilir. Əslində qəzetin adı “Əkinçi” olmayacaq idi. Bir neçə variant var idi, amma Zərdabinin düşüncəsində qəzetin adı belə olmalı idi “Qafqazda türk qəzetəsi” yaxud da “Qafqazda tatar qəzetəsi”. Amma Bakının qubernatoru, general-mayor D.S.Staroselski ilə görüşəndən sonra ona qəzet nəşr etməyə bir halda icazə verirlər: Qəzet “Əkinçi” (“Пахарь”) adlanacaqdır və məhz əkin və ziraətdən danışacaq. Bir sözlə, qəzetin adını Bakının qubernatoru, general-mayor Dmitri Staroselski qoyur və ilk Azərbaycan dilli qəzet olur.
Qəzetin yaranması, əsasən, qəzetin nəşrinə icazə verən Bakı general-qubernatoru Dmitri Staroselskinin himayəsi sayəsində mümkün olmuşdur. Qubernator Həsən bəylə, arvadı gürcü Yekaterina Quramaşvili ilə Zərdabinin arvadı Hənifə xanımla dost idi. Staroselski Həsən bəyin layihəsini qismən maliyyələşdirdi.
Əvvəlcə, “Əkinçi”nin cəmi 100 abunəçisi var idi, abunə qiyməti 3 rubl olan qəzet ayda 300 rubl pul gətiridi. Qubernator Staroselski kənd dairəsi polis məmurlarına qəzetə abunə olmağa məcbur edilməsini əmr etdi və beləliklə, daha 300 abunəçi və daha 900 rubl gəlir gətirməyə başladı qəzet. Bundan başqa, insanların qəzet oxumaq vərdişinə çevrilməsi üçün 500-ə yaxın nüsxə pulsuz paylandı onun sayəsində. Staroselski deyirdi:
“Nə qədər ki, mən Bakının qubernatoruyam, hər il müsəlman xeyriyyə cəmiyyətinə yüz rubl ianə vermək mənim borcumdur”
Lakin general Staroselski Bakıdan geri çağırılan kimi qəzet böyük maliyyə çətinliyi yaşadı. Əvvəlcə Həsən bəy qəzeti ayda 2 dəfə çıxara biləcəyinə inanırdı, lakin ilin birinci yarısının sonunda zərər 500 rubl təşkil etdi. Sonralar abunəçilərin sayı artıq 600 nəfər olub və qəzet hər həftə nəşr olunmağa başlayıb. İlin sonuna qədər Həsən bəyin itkisi artıq 1000 rubl təşkil etdi. Üçüncü ildə abunəçilərin sayı sürətlə azalmağa başladı. Yeni qubernator həm qəzetə, həm də Zərdabiyə xoş münasibət bəsləmirdi və 1877-ci ilin sentyabrında qəzet bağlanmalı oldu.
“Əkinçi”nin cəmi 56 nömrəsi işıq üzü gördü.
Zaur ƏLİYEV, dosent