ADU-nun əməkdaşı Güllüzar Əfəndiqızının romanı çap olunub
ADU kitabxanasının əməkdaşı, tanınmış yazar Güllüzar Əfəndiqızının (Məmmədova) “Qəhrəman türk qızı” əsəri çap olunub.
Əsərdə qələmə alınan hadisələr qəhrəman azərbaycanlı qızı olan “Süleyman” ləqəbli Qaçaq Gülüsümün (1863 – 17 sentyabr 1961) həyatından bəhs edir. Gülsüm şərəfli ömür yaşamış, uzun illər qaçaqlıq etmiş, Qaçaq hərəkatının görkəmli nümayəndələrindən biri olmuşdur.
İnfoNews-a ADU-dan bildirilib ki, Müəllif əsərində Gülüsümün – bu igid türk qızının qaçaqlığa başlamasını, qaçaqlara başçı təyin olunmasını, Azərbaycanda, İranda, Türkiyədə qaçaqların fəaliyyətini, onun Qaçaq Kərəm və Stalin (Koba) ilə görüşünü, çar Rusiyası zamanı və Sovet dönəminin ilk illərində Gəncəbasar mahalında göstərdiyi qəhrəmanlıqları, dövrün tarixi mənzərəsini, xalqın başına gətirilən faciələri, Qaçaq hərəkatının Qaçaq Gülsüm ilə bağlı hadisələrini canlı, gözəl ştrixlərlə, maraqlı forma və epizodlarla, oxunaqlı dillə verə bilmişdir.
Əsərin əsas qəhrəmanı olan Qaçaq Gülsüm uzun illər istismarçı siniflərə, çar, bolşevik cəlladlarına, xalqa zülm edən fars mənşəli məmurlara, erməni-daşnak quldur dəstələrinə, azğınlaşmış bəy və xanlara qarşı vuruşmuşdur.
Gülsüm xanımın silahdaşları, mübarizənin ağırlığını çiynində daşıyan dostları romanda tarixi şəxsiyyət kimi real verilmişdir. Qaçaq hərəkatı iştirakçıları arasında böyük nüfuz və hörmət qazanan, az müddətdə ətrafına çoxlu sayda igidlər yığmağı bacaran Qaçaq Gülsüm bir azərbaycanlı qadın davranışı, ağıl və düşüncəsi, rəftarı, sadəliyi, igidliyi, namusu, qeyrəti ekstremal şəraitdə tədbirli olması ilə son dərəcə həyati bir surətdir.
Əsərdən görürük ki, onun vuruşduğu, fəaliyyət göstərdiyi coğrafi ərazilər indiki Azərbaycan Respublikası ilə yanaşı Osmanlı Türkiyəsini, İranı, eləcə də hazırki, Ermənistan və Gürcüstanı da əhatə etmişdir.
Romanda bir sıra maraqlı müsbət və mənfi obrazlar vardır. Quldur İsmayılın məkrli, amma sonda puça çıxan arzuları, çirkin niyyəti, Kərə Muradəli və eləcə də bu kimi digər mənfi tipli obrazlar əsəri daha da oxunaqlı edir. Ümumiyyətlə, müəllif əsərdə zəngin tiplər silsiləsi yaratmışdır. Onların arasında oxucu yaddaşında həmişəlik qalan canlı insan surətləri və bəziləri tarixi şəxsiyyətlərdir. Yəni, müəllifin həyatdan götürdüyü, tarixdən qələmə aldığı adamlardır.
Müəllif əsərdə Gülüsüm obrazı ilə bərabər, Azərbaycan xalqına qarşı düşmən mövqeli qüvvələrin yaratdıqları problemlərlə mübarizə aparmış digər xalq qəhrəmanlarımızın – Qaçaq hərəkatı iştirakçılarının bir qismi haqqında da oxuculara indiyədək məlum olmayan maraqlı, tarixi məlumatlar verilmişdir.
Toponimik baxımdan da roman xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əsərdə onlarla yaşayış məntəqələri və hidronimlərin adları çəkilmişdir. Müəllif əsərdə hər hansı bir kənddən söhbət açarkən oxucunu həmin yaşayış məntəqəsinin coğrafiyası, tarixi, təbiəti ilə də tanış edir. Bu isə, əlbəttə ki, əsərə xüsusi gözəllik qatır.
Əsərin Qaçaq Kərəmlə bağlı epizodları Azərbaycanda Qaçaq hərəkatının bəzi qaranlıq səhifələrinin işıqlandırılmasına xidmət edir. Stalin (Koba) ilə bağlı səhnələr isə həm tarixilik, həm də siyasi baxımdan maraqlı və oxunaqlıdır. Əsərdə Stalinin həyatı, fəaliyyəti və ailəsi haqqında bəhs olunur. Bütün bunlar əlbəttə ki, oxucunu dalğın düşüncəyə vadar edir, eyni zamanda onu tarixin siyasi dolaylarına aparır.
Bütün əsər boyu qırmızı xətlə verilmiş tərcümeyi-halı istənilən oxucunun gözündə Gülüsümü Azərbaycan qadınının qəhrəmanlıq rəmzinə çevirir.
G.Əfəndiqızı ixtisasca tarixçi olmasa da, yazdığı bu tarixi əsər sanki peşəkar bir tarixçi tərəfindən qələmə alınmışdır. Əsərdə baş verən hadisələr dəqiqliklə və xronoloji ardıcıllıqla verilmişdir.