“Həmin vaxt ruhlar evlərin bacalarında oturarlar”- Folklorşünas

“Həmin vaxt ruhlar evlərin bacalarında oturarlar”- Folklorşünas

Novruz bayramının sonuncusu Torpaq, yaxud da İlaxır çərşənbədir. Məhz bu çərşənbə artıq yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. Təbiət oyanır, bütün ətraf aləm canlanır.

“İNFONEWS” xəbər verir ki, folklorşünas alim, filologiya üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Məmmədov Azad Azərbaycan TV-nin “Səhər” verilişində qonaq olarkən söyləyib.

Onun sözlərinə görə, İlaxır çərşənbə bir sıra bölgələrdə, xüsusilə Naxçıvan, Urmiya, Təbrizdə özünün təntənəsi ilə hətta Novruz bayramını geridə qoyur. İlaxır çərşənbənin özünəməxsus adət-ənənələri, ayinləri, oyunları var. Bu çərşənbə torpağın və özündən əvvəllki 3 mühüm ünsürün — su, od və yelin oyanması əkinçik həyatının başlanmasına işarədir.

“Bu çərşənbədə insanlar səhər tezdən bulaq başına və ya su üstünə gedərlər, suyun üzərindən tullanar, ürəklərindəki arzu-diləkləri suya danışarlar. Ədalətsizlik edənləri, nahaq qan tökənləri suya tapşırarlar. Bu, əhali arasında geniş yayılıb.

İlaxırçərşənbə küsülülər barışar, nəs danışılmaz, içki içmək, nalayiq işlər görmək olmaz. Bu günü insanın əməli, niyyəti, nəfsi də təmizlənmiş olar.

Bu çərşənbə gününün ertəsi günü ev sahibi bir ovuc buğda götürüb evin damına atar və bununla da evinə bərəkət-bolluq arzu etmiş olar. Bundan başqa, ev sahibi və ya ailə üzvlərindən biri kuzədə bir parça qara kömür, bir ovuc duz və bir neçə qara qəpik qoyar, sonra onları damdan atardılar. Deyilənə görə, kömür qara günün, duz acgözlük, gözüşorluluq, qəpik isə yoxsulluğun nişanəsidir. Ona görə də əcdadlarımız bununla özlərini yoxsulluqdan və bu kimi şeylərdən qurtarmağa çalışarmışlar.

Ən mühüm ayinlər axşam vaxtlarında icra olunur. Üzərlik, tonqallar yandırılır və “azarım-bezarım odda qalsın” deyilir. Çox vaxt nişanlı qızlar tonqalın ətrafında dövrə vurur və deyirlər ki, “sizi görüm alovlu-ocaqlı olasınız”. Yəni həmin insanların xoşbəxtolma arzuları ön plana çəkilir. Un çuvalının ağzı açıq qalır ki, bərəkət paylananda bağlı qalmasın.

Bu bayramda dünyasını dəyişmiş qohumların ruhlarını sevindirmək lazımdır. Deyirlər ki, həmin vaxt ruhlar evlərin bacalarında oturarlar. Ailəsinin, övladlarının necə dolandığı ilə maraqlanarlar. Ona görə həmin bayramlarda evlərdə şənlik qurular, müxtəlif yeməklər bişirilər, həmin insanların adlarına müxtəlif şirniyyatlar hazırlanardı. Burada əsas məqsəd ruhların öz övladlarının dolanışığının yaxşı olmasını görmək, o dünyaya ürəklərində qubar aparmamaqdır”, – dosent Məhəmməd Məmmədov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir