Mənim Qəhrəmanlarım, Bayramınız Mübarək! – Cəmilə HƏSƏNOVA

Mənim Qəhrəmanlarım, Bayramınız Mübarək! – Cəmilə HƏSƏNOVA

“Babam doğulduğu ayı və günü bilmədiyi üçün hər zaman deyərdi ki, mənim ad günüm 9 maydadır. O, üzdən doğum günün mübarək, Mənim Qəhrəmanım!”

“İNFONEWS” təqdim edir.

1930-cu illərdə Almaniyada Veymar Respublikasının süqut etməsindən və hakimiyyətə faşistlərin gəlməsindən sonra beynəxalq vəziyyət xeyli gərginləşmiş, dünya müharibəsi təhlükəsi yaranmışdır. 1939-cu ildə sentyabrın 1-də Almaniyanın Qərbdən SSRİ-nin Şərqdən Polşaya hücum etməsi ilə İkinci Dünya Müharibəsi başlamış oldu. Eləcə də, 1941-ci ildə iyun ayının 22-də Almaniya SSRİ-yə heç bir müharibə elanı olmadan qəflətən hücum etdi və bununla da post-sovet məkanında 41-45 (Böyük Vətən Müharibəsi) olaraq tanınan böyük savaş başlamış oldu. Almanlar ilk başlarda apardıqları uğurlu əməliyyatlar nəticəsində SSRİ-nin mühim strateji əhəmiyyətə malik şəhərlərini və ərazilərini işğal etmiş və Qızıl Ordunu, sözün əsl mənasında, darmadağın etmişdilər. Lakin sonradan SSRİ-nin apardığı uğurlu əks hücum əməliyyatları öz bəhrəsini vermiş, faşistlər geri püskürdülmüş, hətta sonralar Qızıl Ordu hücuma keçərək Almaniyanın paytaxtı Berlin şəhərinə qədər daxil olmuşdu. Təbii ki, burada SSRİ-nin yaşlı-gənc, qadın, uşaq demədən hər kəsi müharibə sənayesində işləməyə səfərbər etməsi mühim rol oynayırdı.

Minlərlə azərbaycanlı oğlan və qız faşizmə qarşı mərdliklə vuruşur və xüsusi rəşadəti ilə seçilirdilər. Lakin bütün bunlara baxmayaraq, Almanlar SSRİ torpaqlarında ciddi bir irəliləmə qət etmişdilər və onlar Zaqafqaziyanı, o cümlədən, Bakını təhdid edən mövqeləri ələ keçirmişdilər. Neft burada döyüşün açarı idi və Almanların neft ehtiyyatları sürətlə tükənirdi. Faşistlərin 1942 – 1943-cü illər arasında dəfələrlə Bakıya soxulmaq cəhdləri uğursuzluğa düçar oldu. Cənubi Qafqaz döyüşcülərinin 66 min nəfərini məhz azərbaycanlılar təşkil edirdi.

İkinci Dünya müharibəsində SSRİ-nin qazandığı qələbədə Azərbaycanın böyük payı var. Həmin illərdə xalq özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola saldı.

Bu gənclər içərisində mənim babam 1921-ci il təvəllüdlü İbadov Aslan İman oğlu 1942-ci ilin fevralında Qızıl Ordu sıralarına çağırılır. 1942-ci il mayın 20-də Aslan İbadov Xarkov vilayətinin Slavyansk rayonunda 349-cu atıcı diviziyanın tərkibində alman qoşunlarına əsir düşür. 1942-ci ilin avqustunda o, Xerson və Nikolayev şəhərlərində əsir düşərgələrində saxlanılır. Sonra Almaniyaya 326 saylı düşərgəyə aparılıb, burada 72899 saylı hərbi əsir kimi qeydiyyata alınır. 1943-cü ilin iyun ayına kimi Essen şəhərində metal məmulatları istehsal edən zavodda, 1945-ci ilin fevralından sonra isə 725 saylı komandada kənd təsərrüfatı işlərində istifadə olunur.

Həmin qanlı-qadalı illərdə daha bir əzizimiz, 1923-cü il təvəllüdlü, Kiyev vilayətinin Mokro-Koliliri rayonunun Novaya Yaroslavka kəndində yaşayan Olqa Gerasimovna Taran (sonralar, İbadova) da 1942-ci ildə məcburi şəkildə cəbhəyə göndərilir. Nənəmin xatirlələrinə görə, əslində cəbhəyə kiçik bacısı, 1927-ci il təvəllüdlü Mariya Gerasimovna Taran getməli idi. Lakin bacısının xəstə və çox zəif olması səbəbindən Mariyanın yerinə nənəm cəbhəyə yola düşür.

Hər şeyi gözə alaraq, cəbhədə işləməyə cəlb edilən nənəm, heç də ağlına gətirmədiyi vəziyyətlə, faşistlərin hərbi yürüşü nəticəsində əsir düşür.

Beləliklə, nənə və babamın həyatında yeni bir mərhələ başlamış olur. Burada əsirlər ağır işlər görməyə vadar edilidilər. Nənəm və babamın tanışlığı elə bu zamandan başlayır. Günlərin birində babam əsir qadınların, xüsusilə də nənəmin ağır işlər görməsinə tab gətirə bilməyərək, öz etirazını bildirir. Bu etiraza cavab olaraq. onlara ağır cəza verilir, sonra isə varlı bir ailəyə qul kimi satılırlar. Amma bununla faşıstlər özləri də bilmədən onlara çox gözəl yaxşılıq etmiş olurlar. Müəyyən mənada, əsirlik dövrünü bu ailədə davam edən nənə və babam qısa zamanda həmin ailənin sevimli çalışanlarına çevrilirlər. Onların zəhmətkeşliyi, milli dəyərlərə sadiq qalmaları, təmizliyi, ədəb-ərkanları, verdiyi sözünü tutmaları və s. xüsusiyyətləri ailənin hörmətini qazandırır ki, hətta müharibə bitdikdən sonra da getməməlini, burada qalmaqlarını çox istəyirlər. Lakin babamın doğma yurduna olan sevgisi onu vətənə qaytarır.

1945-ci il martın 1-də ABŞ qoşunları tərəfindən bütün əsirlər azad edilirlər ki, bu əsirlərin içərisində mənim nənəm və babamda var idi. May ayının 9-da müharibə bitdikdən sonra nənəm öz vətəninə, babam isə yarımçıq qalan hərbi xidmətini tamamlamağa yollanır. Babam hərbi xidmətini başa vurduqdan sonra Kiyevə, nənəmin arxasınca yollanır. Ailəsinin razılığı ilə nənəmlə evlənərək, doğma Azərbaycana geri qayıdırlar.

Düzdür, Vətəndə uzun müddət çətinliklərlə rastlaşırlar. İlk öncə, soyğunçular tərəfindən əşyaları oğurlanır, daha sonra əsirlikdə olduğu üçün cəmiyyət tərəfindən heç də bir mənalı qarşılanmırlar. Amma bütün maneələrə, çətinliklər birlikdə sinə gəlməyi bacarırlar, ruhdan düşmürlər. Əl-ələ verərək, Vətənin müharibədən sonrakı, bərpası, inkişafı illərində yaxından iştirak edirlər. Böyük sevgi, fədakarlıq üzərində qurulan ailənin 6 övladı, daha sonra 17 nəvəsi, 34 nəticəsi və 3 kötücəsi olur.

Böyük qürur hissi ilə deyirəm ki, babam və nənəmin ailə dəyərlərinə sədaqətinin, sevgi və hörmətinin, şərəfli ömür yolunun davamçılarıyıq. Yaşamaq uğrunda mübarizə, çalışqanlıq, əzmlik, mərdlik onların bizə qoyub getdiyi ən böyük sərvətimizdir.

Babam Böyük Vətən Müharibəsini ikinci dərəcəli medalı və 1995-ci ildə Heydər Əliyev tərəfindən “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 50 illiyi” yubiley medalı ilə təltif olunub.

Cəmilə HƏSƏNOVA

Tarix üzə fəlsəf doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Humanitar Fənlər kafedrasının dosenti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir