“Könüllərdi mənim evim-eşiyim…” – Ağa LAÇINLI – 85

“Könüllərdi mənim evim-eşiyim…” – Ağa LAÇINLI – 85

Misli-bərabəri ilə dillərə dastan olan Laçında təbiətin nəfəsinin ilındığı, quşların cəhcəhi ilə güllərin ətir qoxuduğu baharın bir günündə tanınmış şair, filologiya elmləri namizədi Ağa Laçınlı dünyaya göz açıb.

“İNFONEWS” xəbər verir ki, Ağa müəllim yaşasaydı… anadan olmasının 85-ci ildönümünü qeyd etmiş olardı, həm də hədsiz-hüdudsuz çox sevdiyi doğma Laçınında…

Ağa Laçınlı dağlar oğluydu, gücünü-qüvvəsini dağlardan alırdı. Əzizlərininə, oxucularına, xüsusilə də sevimli tələbələrinə “Tufan qopa, iki dünya bir ola, Gözləncimi görməyincə ölmərəm”, – desə də, Laçınsızlığa dözə bilmədi. Çox təəssüf ki, “Yüz neçəni hörməyincə ölmərəm” deyən, Vətən övladı, dünyasını vaxtsız dəyişdi.

Qeyd edək ki, Ağa Laçınlı 1940-cı il mayın 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1963-1966-cı illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunun Poeziya fakültəsində təhsil alıb. 1966-1969-cu illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin Şeir şöbəsində ədəbi işçi vəzifəsində çalışıb, 1969-1971-ci illərdə Yazıçılar İttifaqının Natəvan klubunun müdiri olub.

Ədəbi fəaliyyətə 1958-ci ildə Ağdam rayon qəzetində çap olunan “Çoban” şeiri ilə başlayıb. 1966-cı ildə “Ümid” adlı ilk kitabı işıq üzü görüb. Sonralar “Sakitlik”, “Sirli-soraqlı dağlar”, “Aşırımlar qarşısında”, “Vaxt yetişəndə”, “Sevgimizlə sevindirək”, “Meşə nəğməsi”, “Gecə yuxusu”, “Alın yazımız” və s. kitabları çapdan çıxıb.

Ağa Laçınlı 1970-ci ildən Bakı Dövlət Universitetində çalışıb, “Dünya ədəbiyyatı” kafedrasının dosenti olub. 1980-ci ildə “Azərbaycan bayatılarının bədii xüsusiyyətləri” adlı namizədlik dissertasiyasını müdafiə edib. “Homer dastanlarında türkçülük” adlı doktorluq dissertasiyasını yekunlaşdırıb. Antik Yunan ədəbiyyatı üzrə mütəxəssis olan Ağa Laçınlı qədim şumer, antik yunan, qədim Roma, Çin, hind, eləcə də polyak, rus, Vyetnam, slovak, yapon, Koreya, Argentina və başqa ölkə və xalqların klassik poeziyasından seçmələri dilimizə çevirib.

Türkiyə, Rusiya, Latviya, Litva, Estoniya, Gürcüstan və başqa ölkələrdə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, elminə dair mühazirələr oxuyub.

Əsərləri Rusiya, Fransa, Türkiyədə, ABŞ, Çin, Hindistan, Polşa, Ukrayna, Belarus, Gürcüstan, Bolqarıstan, İraq və s. ölkələrdə çap edilib.

2007-ci il noyabrın 25-də Bakı şəhərində vəfat edib.

Ölmərəm

Ölüm, məni nə beləcə hərlərsən, –
Mən bir ömrü sürməyincə ölmərəm.
Öz anama, öz Tanrıma borcum var,
Aldığımı verməyincə ölmərəm.

Nə istərsən can ağacım quruya,
Arız olub nə girmisən araya?
Sən öləsən, il kərpicli saraya
Yüz neçəni hörməyincə ölmərəm.

Qarı düşmən, bu nə qorxu kinosu,
Neçəyədi bu möhlətin kilosu?
Dəhrələyib dərd bitirən kol-kosu,
Sərgiliyə sərməyincə ölmərəm.

Nə dilərsən soluxuban sozalım,
Axı niyə çarpaz dağla yazılım?
Əkdiyimi biçməyincə, a zalım,
Səpdiyimi dərməyincə ölmərəm.

Qoca quldur, məni azca qarala,
İnanmıram inam sapı qırıla.
Tufan qopa, iki dünya bir ola,
Gözləncimi görməyincə ölmərəm.

Könüllərdi mənim evim-eşiyim,
Könül olsun axırıncı beşiyim.
Qorxuram ki, qəbirdə də üşüyüm,
Ürəklərə girməyincə ölmərəm.

Dəyərli Ağa Laçınlını dərin hörmət və ehtiramla yad edir, “Qorxmayın, ürəklərimizi sonsuza kimi fəth etmisiniz! Rahat uyuyun, əziz şairimiz, müəllimimiz” deyirik.

Allah rəhmət eləsin! Ruhu şad olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir