“ÖZÜNDƏN SORUŞDUQ”-da “…Belələri bu kitabda yer ala bilməzdi”

“ÖZÜNDƏN SORUŞDUQ”-da “…Belələri bu kitabda yer ala bilməzdi” 

“İNFONEWS” – un “ÖZÜNDƏN SORUŞDUQ” rubrikasının qonağı Azərbaycan Rəssamlar İttifaqının üzvü, müxtəlif illərdə fərdi yaradıcılıq sərgilərinin müəllifi, respublika və beynəlxalq rəsm sərgilərində yüksək səviyyədə təmsil olunan, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn məktəbinin baş müəllimi, tanınmış rəngkar, rəssam Əli İsmayıl – Əli İsmayıl oğlu Əliyevdir.

  • Hörmətli Əli müəllim, sosial şəbəkə hesabınızda bir neçə illik gərgin əməyinizin nəticəsi olan “Qərbi Azərbaycan rəssamları” kitabının çap edildiyi barədə yazmısınız. Kitabı yazmağa necə və nə vaxt qərar verdiniz?

Əli Əliyev: – Hələ çox-çox əvvəllərdən məni Qərbi Azərbaycan incəsənəti və Qərbi Azərbaycanda dekorativ tətbiqi sənət mövzusu maraqlandırırdı. Amma 2-3 il əvvəl (2022-ci ildən) mən fikirlərimi istiqamətləndirərək, ən əvvəl, o torpaqda doğulan rəssamlarla bağlı araşdırma aparıb, onu bir kitab şəklində yazmaq qərarına gəldim. Sevdiyim dekorativ sənət- xalçaçılıq mövzusunu isə sonraya saxladım.

  • Kitabın yazılmasına nə qədər zaman sərf etmisiniz?

Əli Əliyev: – İki ildən artıq bir zaman vaxt və son 5-10 ilin müşahidə və araşdırmaları.

  • Qərbi Azərbaycan rəssamlarına olan marağınız haradan qaynaqlanıb sualı Sizi yaxından tanıyanlara heç də yad deyil, məlumdur. Amma maraqlıdır ki, kitabda yer alan rəssamları necə seçdiniz?

Əli Əliyev: – Mən bundan əvvəlki monoqrafiyamda XIV –XVI əsrlər miniatür sonrası Azərbaycan Dekorativ rəssamlığı, divar rəssamlığı haqqında yazarkən, Mirzə Qədim İrəvani və İrəvan sarayları haqqında da araşdırmalarım olmuşdu. Sonralar “qərbli” rəssamlar haqqında yazı, məqalə yazmaq qərarına gəldim. Daha sonra bu yazını özüm də “qərbli” rəssamlar cərgəsinə daxil olmaqla kitab şəklində təqdim etmək ehtiyacı duydum. Rəssamlar isə əsasən xronoloji-tarixi baxımdan sıralandı. Sözsüz ki bu zaman daha çox sənətdə, Azərbaycan incəsənətində öz sözünü deyən və deyə bilən yaradıcı rəssamlara üstünlük verildi.

  • Kitabın yazılmasının əsas məqsədi nədir – sənətşünaslıq baxımından sənədləşdirmə, yoxsa milli kimlik və yaddaşın qorunması?

Əli Əliyev: – Bu tezislərin hər biri vacib detallardır. Sənətşünaslıq baxımından sənədləşdirmə-sistemləşdirmə nə qədər vacib olsa da, bu kitabin işlənilməsi və onun bir toplu halında cəmiyyətə təqdim edilməsi  elə məhz milli kimlik və yaddaşın qorunmasıdır. Eyni zamanda bu iş, həm də gələcək üçün bir mənbə və məxəzdir. Əsas olan da budur.

  • Hansı mənbələrdən istifadə etdiniz? Arxivlər, ailələr, şəxsi kolleksiyalar?

Əli Əliyev: – Demək olar ki hamısından. Burada siyahını daha da artıra bilərik: fərdlər, ailə üzvləri, vikipediyalar, sosial şəbəkələr üzərindən yazışmalar, müzey və kitabxanalar (Teatr muzeyi, Milli Kitabxana), rəssam dostlar, onlar ilə ünsiyyətlər zamanı dəqiqləşdirdiyim, amma o zamana qədər qərbli olduğunu bilmədiyim rəssamları tanıyıb bilməyim və s.. Ayrıca olaraq, müəyyən qərbli rəssamların axtarıb tapılmasında, bəzilərinin ailə üzvləri ilə əlaqələrin yaranmasında sənətşünaslarımızın da rolu böyükdür. Bu mənada, mərhum Ziyadxan Əliyevin böyük xidmətləri olub. Eyni zamanda, Rafael Gülməmmədov və Əsəd Quliyev də müəyyən axtarış məqamlarında mənə dəstək oldular. Bir sözlə, bu kitabın yazılması naminə kontakt və əlaqələrim çox oldu.

  • Araşdırma zamanı hansı çətinliklərlə üzləşdiniz?

Əli Əliyev: – Bəli, çətinliklər az olmadı. Həyatda olmayan bəzi rəssamlarımızın qohum və övladlarınını axtarıb tapmaq, hər dəfə uzun-uzadı öz məram və məqsədimi, bəzən bir neçə dəfə ərz etmək, çətinliyindən tutmuş, xarici ölkələrdə yaşayan yeganə varislərlə söhbət aparmaq, onlardan informasiya və digər məlumatlar göndərəcəklərinə söz almaq. Eləcə də, verilən bəzi “o sözləri” aylarla gözləmək çətinlikləri.

Bəzən də Qərbi azərbaycanlı olan, bu kitabda əks olunmalarına şans vermək istədiyim bir neçə (tələbə və gənc  rəssam) personların eqosu, İrəvanlı kimi təmsil olunmaq istəməmək sindromunu da gördüm. Təbii ki, belələri bu kitabda yer ala bilməzdi və almadı da..

  • Rəssamlarla (və ya onların ailələri ilə) birbaşa ünsiyyətdə oldunuzmu?

Əli Əliyev: – Bəli. Bu kitabda əks olunan 33 rəssamın bir neçəsi – Kamil Əliyev və Hüseyn Əliyev ( onlar haqqında yazı və informasiyalar müxtəlif mənbələrdə çoxdur) istisna olmaqla, qalan bütün rəssamlarımızın ailə üzvləri, həyatda olanların isə özləri ilə həm görüşmüş, həm də müxtəlif vasitələrlə əlaqə saxlayıb, onlardan müxtəlif informasiya, onların dəqiqləşdirilmələri, əsərlərin foto-reproduksiyalarının əldə edilməsi və digər suallar təqribən qısa fasilələrlə iki il davam etdi.

  • Kitabda yer alan rəssamlar arasında sizi ən çox təsirləndirən kim oldu?

Əli Əliyev: – Ümumiyyətlə, 20-ci əsrin əvvəllərində doğulan Qərbi azərbaycanlı, xüsusən də, İrəvanlı rəssamların, demək olar ki, hamısı repressiyalara məruz qalmış, doğma yurd yuvalarından qovulmuşlar. Onların hamısı oxşar talelidirlər.  İrəvandan Kamil Əliyev, Şamil Qazıyev, Rza Məmmədov, Əyyub Fətəliyev, Zəngəzurdan Hüseyn Əliyev, Vedibasar mahalından Bağır Maratlı, Firudin Quliyev və digərləri acınacaqlı qaçqınlıq həyatı keçirmiş, erməni millətçilərinin xalqımıza qarşı apardıqları qətliamlar və soyqırımlar səbəbindən döğma yurdlarını tərk etmişlər. Bunların bəziləri elə əsgərlikdən qayıdarkən, valideyin və qohumlarının yaşadıqları şəhər , kənd və bütövlükdə el-obalarının sürgün olunduqlarını, köçürüldüklərini öyrənərək onların axtarışına başlamışlar. Təsəvvür edin, İkinci Dünya Müharibəsində almanlara qarşı illərlə vuruşan, bütün çətinliklərə sinə gərən əsgər Vətəninə – Qərbi Azərbaycana qayıdanda ona deyirlər ki, sənin ailən, millətin sürgün olunub- məncə, dünyada bundan daha ədalətsiz akt olmaz və olmayıb da..

Yuxarıda adlarını çəkdiyim rəssamların hamısı bu tale ilə üzləşib. Amma taleyi bir film ssenarisi qədər maraqlı və acınacaqlı, keşməkeşli olan və bununla da mənim diqqətimi çəkən, İrəvanlı rəssam Rza Məmmədovdur. Düşünürəm kitabda bunları hər kəsin oxumaq imkanı olacaq.

  • Rəssamların əsərlərində Qərbi Azərbaycan mövzusu necə əks olunub?

Əli Əliyev: – Kitabda təmsil olunmuş qərbli rəssamlarımızın əksəriyyəti yaradıcı insanlardır. Araşdırmalar zamanı bu məsələnin özünü bir neçə aspektdə bürüzə verməsini gördüm. Birincisi, rəssamlarımız ümumi qəbul edilmiş milli – Azərbaycan, yaxud sovet-akademik üslubunda işləyirlər. İkincisi, rəssamlarımız konkret olaraq yaradıcılıqlarında daha çox Qərbi Azərbaycan mövzusuna üstünlük verir və bunlar azlıq təşkil edirlər. Üçüncü isə, işlədikləri mövzunun hara aid olmasından asılı olmayaraq, rəssamın rəng koloritindən onun “qərbli”  olması duyulur (Nağdalı Xəlilov).

Maraqlı bir faktı da deyim ki, Şamil Qazıyev 1918-ci ildə, öz gözü ilə gördükləri qaçqınlıq dövrünü – İrəvandan Azərbaycan türklərinin soyqırıma məruz qaldıqları hadisələri Sovet dövründə – 1977-ci ildə “Qaçqınlar” tablosunda təsvir etmişdir. 1988-ci il “Qaçqçnlar”ını isə biz Cabbar Quliyevin 1997-cü ildə çəkdiyi eyniadlı tablosunda görürük.

Qərbi Azərbaycan mövzuda Arif Məhərrəmovun “Göyçə gölü ətrafında”, Sabir Hüseynovun “Bizim kəndimiz. Uluxanlı”, Əli İsmayılın “Vətən-1988”, “Qərbi Azərbaycan-Vətən nəğməsi”, “Zülmətdən doğan işıq”, Rza Avşarın “Rəvanqulu xan” və s. əsərləri də düşündürücüdür və qərbi Azərbaycanı ifadə edən əsərlərdəndirlər.

  • Rəssamların yaradıcılığında hansı üslub və motivlər üstünlük təşkil edir?

Əli Əliyev: – Bundan əvvəlki suala cavabımda qeyd etdiyim kimi, rəssamlarımız müxtəlif üslublarda çalışırlar. Amma əsas çoxluğun fəaliyyət göstərdiyi bu üslub milli- realist və akademik üslubdur. Kitabda təqdim olunmuş Fəxrəddin Əli yaradıcılığı isə müasir-miniatür mövzusundadır. Bir para qərbli rəssamlarımız isə müxtəlif avanqard üslubları özlərinə ifadə tərzləri seçiblər. Onlardan bəziləri də bu avanqard və yeni mücərrədliyə müəyyən milli don geyindirərək yaradıcılıqlarını davam etdirirlər (Çingiz Babayev, Vüqar Muradov).

  • Bu rəssamların Azərbaycan incəsənətində tutduğu yer barədə nə düşünürsünüz?

Əli Əliyev: – Artıq Qərbi azərbaycanlı rəssamlar arasında adları sənət və incəsənətimizə, onun tarixinə yazılmış rəssamlarımız var. Bunlar hələ Sovet dönəmindən başlayaraq öz mövqeyi və sənət peşəkarlığı səviyyəsinə görə rəssamlığımızda mühüm rol oynamış və müxtəlif fəxri adlara layiq görülmüşlər.

Hazırda isə ümumi olaraq, rəssamlıq sənəti və rəssamlara istər Rəssamlar İttifaqı rəhbərliyi tərəfindən, istərsə də dövlət tərəfindən diqqət azalsa da, ümid edirik ki, bunlar müvəqqəti haldır və onlar gec-tez layiq olduqları qiyməti alacaq, rəssamların kütləvi qaydada sifarişlərlə təmin edilməsi üçün Bədii Fond modeli tətbiq olunacaqdır. Açığı deyim ki, həmişə Azərbaycan incəsənətində böyük və həlledici yer tutan rəssamlıq sənətimız rəssamlarımızın simasında diqqətdən kənarda qalmış ən böyük sənət kontingentidir.  Qərbi azərbaycanlı rəssamlar və  onların əksəriyyəti də, Azərbaycan və keçmiş sovetlər ərazisində müxtəlif məktəblərdə təhsil almış və demək olar ki, onların böyük bir hissəsi sənət alıminə Əzimzadə şinelindən daxil olmuşlar.

  • Gələcək nəsillərə bu kitabdan hansı mesajı vermək istəyirsiniz?

Əli Əliyev: – Gələcək nəsillərə verilən mesaj isə o torpaqların Azərbaycan türklərinə, Azərbaycan xalqına aid olması, o torpaqların ölkəmizin bir parçası olmasını və burada insanların məişət həyatlarında sənətin (rəssamlıq, dekorativ-tətbiqi sənət) yüksəkdə dayandığını bilmələrindən ibarətdir. Qərbi Azərbaycan davası isə nə qədər prioritet olsa, bu məsələ də uzun illər aktual olaraq qalacaq.

“İNFONEWS” komandası olaraq, Əli İsmayıla bizə zaman ayıraraq, olduqca maraqlı müsahibəsinə görə təşəkkür edirik. Düşünürük ki, tanınmış rəssamımızla söhbətlərimiz davamlı olacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir