Bəlkə də bu tarix Qədir Rüstəmovun taleyinə yazılan ən ədalətli təsadüfdür

Bəlkə də bu tarix Qədir Rüstəmovun taleyinə yazılan ən ədalətli təsadüfdür

“İNFONEWS” təqdim edir.

Dəryada gəmim qaldı, sona bülbüllər,
Biçmədim, zəmim qaldı, saçı sünbüllər.
Çox çəkdim yar cəfasın, sona bülbüllər,
Mənə dərd-qəmim qaldı, saçı sünbüllər.

“Dəryada gəmim qaldı…” – ustad sənətkar Qədir Rüstəmovun səsinə hopan bu misralar elə bil Ağdamın tale yükünü daşıyırdı.
Biçilməmiş zəmilər, susmuş bülbüllər, yarımçıq qalmış xəyallar… O, Ağdamın dərdini öz səsinə sarıyıb könlündə saxlayırdı. Hər dəfə muğam oxuyanda sanki dağılan bir yurdun yarasına oxşayırdı.

Qədir Rüstəmovun səsində həm yarımçıq qalan bir dünyanın ahı, həm də o dünyanın yenidən dirçələcəyinə sönməyən bir inam.

Qədir Rüstəmov ömrü boyu Ağdamın azad olunacağı günü arzulayıb. Şəhər işğal ediləndə onu ən sonda tərk edənlərdən olub. Deyilənlərə görə, ömrünün son günlərində Türkiyədə xəstəxanada komada yatarkən, həkim ustadın dostu Aqil Abbasdan nə isə bir şeyin xəstənin qulağına deməsini istəyir. Aqil Abbas da “Ay Qədir, Ağdamı alıblar. Dur gedək…” sözlərini onun qulağına pıçıldayır.
Ustad həmin an əllərini tərpətsə də, ayılmır. O, Ağdam həsrəti ilə yaşadı. Elə bir həsrət ki, doğum günü belə illər boyu görə bilmədiyi yurdunun Zəfər Gününə – Ağdamın işğaldan azad edildiyi günə təsadüf etdi. Bəlkə də bu tarix Qədirin taleyinə yazılan ən ədalətli təsadüfdür.

Qədir Rüstəmovun unudulmaz ifaları azad Ağdamın üstündə kövrək bir dua kimi həmişə yaşayacaqdır.

Bu gün böyük sənətkarın doğum gününün 90-cı ildönümüdür.

Allah rəhmət eləsin! Ruhu şad olsun!

Arzu Məmmədqızı (Məmmədova)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir