“… Xəzər dənizinin sahilinə çıxırdı…”- Bir mağaranın sirri

“… Xəzər dənizinin sahilinə çıxırdı…”- Bir mağaranın sirri

Azərbaycan bir çox qədim inancların, miflərin və dini ənənələrin qovuşduğu ölkədir. Buna görə də burada “mistik” adlandırılan çoxlu məkanlar mövcuddur. Belə yerlərdən biri də rəsmi ədəbiyyatda “Kühül dağı” kimi qeyd olunan ərazidəki mağaradır. Bakının mərkəzindən 10-12 kilometr məsafədə – Bakıxanov qəsəbəsinin ərazisində yerləşən mağaranın girişinin eni 5, hündürlüyü 13,6 metrdir. Yazılı mənbələrə görə, iki otaqdan ibarət olan mağaranın ümumi sahəsi 255,7 kvadratmetrdir.

Mağara diqqətdən uzaq və baxımsız qalsa da, kifayət qədər maraq doğurur. Təsadüfi deyil ki, bu ərazi və mağara barədə xeyli əfsanə və rəvayətlər formalaşıb.

Biz də həmin əfsanələrin izi ilə yolumuzu mağaradan saldıq. Mistik tarixə işıq salan mağaraya səfərimiz zamanı bu məkanın təkcə təbiət möcüzəsi deyil, həm də tarixi yaddaşın daşıyıcısı olmasının şahidi olduq. Burada hələ də açılmamış sirlər “gizlənir”. Mağaranın içərisinə doğru irəlilədikcə həm eşitdiyimiz rəvayətləri beynimizdə canlandırmağa çalışır, həm də reallıqları öyrənmək istəyimiz artırdı.

Odur ki, mifləri mümkün tarixi faktlardan ayırmaq üçün mütəxəssislərə müraciət etdik.

Tarixi izlər, təzadlı yanaşmalar və ehtiyac duyulan tədqiqat işi

“İNFONEWS” AZƏRTAC – a istinadən xəbər verir ki, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovun sözlərinə görə, həmin mağara təbii relyef quruluşuna görə, həm hərbi istehkam, həm də hərbi nəqliyyat dəhlizi kimi qədimdən istifadə olunub: “Deyilənlərə görə, qədimdən həmin mağaranın içindən gizli yol gedirdi və Xəzər dənizinin sahilinə çıxırdı. Bu əlverişli şəraitdən qədimdən istifadə edirdilər. Lakin əfsuslar olsun ki, hələ ki, bu mövzuda ciddi araşdırmalar olmayıb. Sözsüz ki, əlavə araşdırmalara ehtiyac var. Mütəxəssislərin, arxeoloqların tədqiqatlarından sonra yeni məlumatlar əldə etmək mümkündür”.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İdris Əliyev “Kühül dağı”nın başında orta əsr yaşayış məskəninin olduğunu bildirib. “Mağaranın üzərində Qobustan qayalarında olduğu kimi rəsmlər olub. Həmin rəsmlər Tunc dövrünə aiddir və təxminən 4-5 min illik tarixi var. Lakin qayaüstü rəsmlər zamanla silinib. Mağaranın üst cənub tərəfində 1918-ci ildə Bakını ingilislərdən xilas edərkən həlak olan Azərbaycan və türk əsgərlərinin məzarları var. Qısası, mağaranın üst tərəfində də döyüşlərin getdiyi bildirilir. Ətrafda vaxtilə piknik, “mayovka”, yəni 1 May bayramı və digər toplu tədbirlər keçirildiyindən bura əvvəllər “xalq istirahət zonası” kimi də tanınıb. Ərazinin daha geniş tədqiqinə ehtiyac var”, – deyə İ. Əliyev vurğulayıb.

Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, arxeoloq Pərviz Qasımov isə 1992-ci ilin iyun ayında Azərbaycanda Paleolit dövrü arxeologiyasının banisi, Azıx paleolit düşərgəsinin ilk tədqiqatçısı, tarix elmləri doktoru, professor Məmmədəli Hüseynovun rəhbərliyi ilə “Kühül dağı”nda kəşfiyyat xarakterli arxeoloji qazıntıların aparıldığını bildirib: “Ekspedisiyaya o dövrdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbələri cəlb edildilər. Ekspedisiyada tələbə kimi mən də iştirak edirdim. Mağaranın ikinci otağında torpaq döşəmədə kəşfiyyat şurfu qazıldı. Təqribən 1,5 metr dərinlikdə artıq torpaq qatı bitdi və mağaranın təbii strukturu göründü. Məlum oldu ki, mağaranın üst hissəsi tağvari formada olduğu kimi onun aşağı hissəsi də təbii daş “divarlarının” tağ şəklində qovuşması ilə sonlanır. Araşdırmalar nəticəsində insan məskəninə işarə edən hər hansı bir fakt tapılmadı. Böyük ehtimalla mağara müxtəlif dövrlərdə yalnız qısamüddətli sığınacaq kimi istifadə olunub”.

Mağara turistik məkana çevrilə bilər

Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi “Kühül dağı”nın turistik məkana çevrilməsinə və Bakı turizm klastoruna daxil edilməsinə çalışdıqlarını bildirib: “Assosiasiya hesabına dağ marşrutlarını dəyişmişik. Orada təhlükələr var idi, avadanlıq köhnəlmişdi, paslanmışdı, təhlükə yaradırdı. Hər an qırılıb düşə, insan xəsarət ala bilərdi. Bu işdə bizə Azərbaycan Alpinizm Federasiyası da kömək etdi. Hətta xaricdən sertifikatlaşmış alpinist də gəlib, həmin dağın üzərində olan marşrutların bərpasında iştirak edib. Çünki orada bir çox yeniyetmələr, o cümlədən peşəkar alpinistlər və həvəskarlar məşq edirlər.

Samir Dübəndi deyib ki, mağarada təmizlik aksiyası da keçirilib. Aksiya sosial məsuliyyət siyasətləri olan bir çox dövlət qurumları ilə birlikdə təşkil olunub. “Bəzən bələdçilər turistləri həmin əraziyə aparır, oranın tarixi ilə tanış edirlər”, – deyə o vurğulayıb.

“İçindən keçən gizli yol Xəzər dənizinin sahilinə çıxırdı...” - Bakıxanov qəsəbəsində yerləşən mağaranın sirli tarixi VİDEO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir