“Bədəni tamamlayan iki güc: Fitness və Pilates” – ZƏRNİŞAN

“Bədəni tamamlayan iki güc: Fitness və Pilates” – ZƏRNİŞAN

“İNFONEWS”– un “GÜNƏBAXANLAR” forumunda SAĞLAMLIQ 

“Ritzy Fitness” komandası ilə tanışlığa davam edirik.

Pilates kimlər üçündür və fitnessdən nə ilə fərqlənir?

  • Pilates demək olar ki, hər kəs üçündür: gənclər, orta yaşlılar, ofisdə uzun saatlar oturanlar, zədədən sonra bərpa olunanlar. Əsas diqqət mərkəzi əzələlərə, qamətə, nəfəsə və hərəkətin keyfiyyətinə yönəlir. Fitness daha çox güc və dözümlülük üzərində qurulursa, pilates bədəni daxildən möhkəmləndirir. Əslində bu ikisi bir-birini çox gözəl tamamlayır, xanımlarımızın əksəriyyəti hər ikisini paralel edirlər.

Pilatesə dair ən çox eşitdiyiniz yanlış fikir hansıdır?

  • “Pilates yüngüldür, sadəcə dartılmadır” fikri. İlk dərsdən sonra bu fikir tez dəyişir. Pilatesdə hərəkətlər yavaş görünür, amma hər biri tam nəzarət və konsentrasiya tələb edir. Güclü idmançılar belə ilk dəfə pilates dərsinə qatılanda məşqlərin nə qədər çətin olduğuna təəccüblənirlər. Eləcə də çoxları pilatesin yalnız qadınlar üçün olduğunu düşünürlər, halbuki, bel və qamət problemi olan kişilər üçün pilates çox faydalıdır.

İdmana yeni başlayan və qarşısına məqsəd qoyan həvəskar idmançıların uğurları sizi necə motivasiya edir?

  • Həvəskarların uğuru mənim üçün peşəkar idmançının medalından heç də az dəyərli deyil. Çünki onlar işdən, ailə qayğılarından sonra özlərinə vaxt ayırıb gəlirlər. Pilatesdə uğurlar bəzən çox sakit olur: məşğələyə qatılanlar bir gün gəlib deyir ki, “səhər oyananda belim ağrımadı” və ya “iş masası arxasında artıq düz oturura bilirəm”. Kənardan bəlkə də qısa, kiçik görsənən bu cümlələr mənim üçün ən böyük motivasiyaya çevrildiyini əminliklə deyə bilərəm.

Ofisdə masa arxasında uzun müddət çalışan insanlara nə tövsiyə edərdiniz?

  • Hər saatdan bir qalxın, bir neçə dəqiqə hərəkət edin, çiyinlərinizi və boynunuzu rahatlaşdırın. Oturarkən qamətinizə diqqət yetirin, ekranı göz səviyyəsində saxlayın. Həftədə bir neçə dəfə pilates və ya hər hansı fiziki aktivlik isə uzun oturmanın bədənə vurduğu zərəri xeyli azaldır. Ən əsası, bədəninizin siqnallarını ciddiyə alın: davamlı ağrı varsa, mütləq həkimə müraciət edin.

ZƏRNİŞAN

pilates məşqçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir