“Çəki qaldırsam, kişi kimi əzələli olacağam?”- Vəfa MƏCİDOVA
“İNFONEWS”– un “GÜNƏBAXANLAR” forumunda SAĞLAMLIQ
“Ritzy Fitness” komandası ilə tanışlığa davam edirik.
Ev şəraitində idman etmək idman zalını tam əvəz edə bilərmi?
- Ev məşqləri heç nə etməməkdən qat-qat yaxşıdır və xüsusən vaxtı az olan xanımlar üçün əla başlanğıcdır. Amma tam əvəz etmək çətindir. Zalda müxtəlif avadanlıq və yükü tədricən artırmaq imkanı var. Ən vacibi isə məşqçinin nəzarətidir: səhv texnika evdə çox vaxt fərq edilmir və zədəyə səbəb ola bilir. Ən əsası isə, əksər xanımlar mənə deyirlər ki, evdə məşqə başlayanda mütləq nəsə yarımçıq qalır, zalda isə o vaxt yalnız özlərinə aid olur.
İdmanda motivasiyanı itirməmək üçün hansı psixoloji fəndlərdən istifadə etmək olar?
- Birincisi, böyük məqsədi kiçik addımlara bölün. “10 kilo arıqlamaq” əvəzinə “bu həftə 3 dəfə məşqə getmək” kimi hədəf qoyun. İkincisi, irəliləyişi qeyd edin: şəkil çəkin, gündəlik aparın, tərəzidən çox özünüzü necə hiss etdiyinizə diqqət yetirin. Üçüncüsü, rəfiqənizlə birlikdə gəlin, bir-birinizə dəstək olmaq çox kömək edir. Eləcə də motivasiyaya güvənməyin. Motivasiya gəlib-gedir, vərdiş isə qalır.
Qadınların idmanla bağlı ən çox rast gəldiyiniz yanlış təsəvvürü hansıdır?
- Ən geniş yayılmış fikir budur: “çəki qaldırsam, kişi kimi əzələli olacağam”. Bu, doğru deyil. Güc məşqləri qadın bədənini daha sıx, formalı və güclü edir, sümükləri möhkəmləndirir, qaməti düzəldir. Bir çox xanım yalnız kardio ilə kifayətlənir və gözlədiyi nəticəni ala bilmir. Güc məşqlərini proqrama daxil edəndə isə fərqi qısa zaman içində görürlər.
Qadınlar üçün ayrıca zonanın məşqlərə təsirini necə görürsünüz?
- Fərq çox açıq hiss olunur. Xanımlar burada daha sərbəst olurlar, sual verməkdən, səhv etməkdən, yeni hərəkəti sınamaqdan çəkinmirlər. Çünki özünü rahat hiss edən insan davamlı məşq edə bilir. Tanıdığım, mənimlə məşq edən xanımların bir çoxu əvvəllər idmana başlamağa cəsarət etmədiyini xüsusilə vurğulamaq istərdim və məhz “Ritzy Fitness”də qadınlar üçün yardılan özəl şərait onları buraya gətirib.
Vəfa MƏCİDOVA
fitness məşqçisi
