GİKM-nin sonuncu – 55-ci nümayəndəliyi Abşeronda fəaliyyətə başlayıb
“İNFONEWS” xəbər verir.
Bununla da Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyəti respublikamızın bütün bölgələrini əhatə edib
Fəaliyyət istiqamətlərinə dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin edilməsi, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi, regionda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumatlılığının artırılması, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak imkanının yaradılması, gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlərin təşkili aid olan Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) sonuncu – 55-ci nümayəndəliyi Abşeron rayonunda fəaliyyətə başlayıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzindən bildiriblər ki, açılış mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, GİKM-in rəhbərliyi və kollektivi, qurumun tərəfdaşları, müxtəlif gənclər təşkilatlarının nümayəndələri və 100-ə yaxın abşeronlu gənc iştirak ediblər.
Gənclərlə söhbət və mərkəzlə tanışlıqdan sonra rəsmi nümayəndələr çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbənin gənc nəslin dövlətinə, ölkəsinə nə qədər dərin duyğularla bağlı olduğunu göstərdiyini, Azərbaycan gənclərinin artıq qalib xalqın nümayəndələri olduğunu bildiriblər.
GİKM-in baş direktor vəzifəsini icra edən Ramtiq Alızadə qurumun fəaliyyətə başladığı gündən ötən iki il ərzində görülən işlər, keçirilən fəaliyyətlər, region gənclərinin karyera və fərdi inkişafına, dövlətçilik və vətənpərvərlik hisslərinin daha da möhkəmlənməsinə töhfəsindən söhbət açıb.
Sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyinin direktoru çıxış edərək gənclərə “Gənc Könüllü”, təcrübəçi və üzvlük proqramı haqqında məlumat verib, onları bu proqramlara qoşulmağa dəvət edib.
Tədbir musiqili-əyləncəli proqram və intellektual oyunlarla davam etdirilib.
Beləliklə, sonuncu nümayəndəliyin açılması ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin bütün ölkə ərazisini əhatə etməsi təmin olunub. Bundan sonra 55 şəhər və rayonda fəaliyyət göstərən qurumun prioritet istiqamətləri vətənpərvərlik və dövlətçilik dəyərlərinin aşılanması, fərdi inkişaf, karyera inkişafı, region gənclərinin maraq və ehtiyaclarının ödənilməsi yönündə təhlil və sorğuların aparılması üzərində qurulacaq, bu istiqamətlərdə konkret layihələr həyata keçiriləcək.