MƏŞHUR KİTABXANAÇI QADINLAR VƏ QADIN KİTABXANALARI – Səyyarə MƏMMƏDOVA

MƏŞHUR KİTABXANAÇI QADINLAR VƏ QADIN KİTABXANALARI – Səyyarə MƏMMƏDOVA

“İNFONEWS” təqdim edir:

TARİXDƏ QALAN MƏŞHUR KİTABXANAÇI QADINLAR VƏ QADIN KİTABXANALARI

“8 mart – Beynəlxalq Qadınlar günü” ərəfəsində qadınların ilk kitabxanaların yaranmasında rolu mövzusuna toxunmağımın səbəbi bu ədəbi-mədəni tikililərin tarixən kişilərə məxsus sahə olması fikridir. Bu gün də Avropada əksər alimlər və tarix həvəskarları cəmiyyətin yüksək təbəqələrində yer tutan, dövrünün tanınmış şəxsiyyətləri olan kişi cinsinin nümayəndələrinə məxsus kitabxanalardan həvəslə danışırlar. Doğrudur, ilk kitabxanaları təşkil edən, kitabların yığılmasında bəzən də dominant rol oynayan kişilər olmuşdur. Lakin qadın kitabxanalarını araşdırarkən məlum olur ki, ev təsərrüfatını idarə edən qadınlar həm də dolayısı ilə həmin kolleksiyaların yaradılmasında əsas rol oynamışlar. Bu kitabların ən azı 25 faizi qadınlara görə kitabxananın bir hissəsinə çevrilmişdir. Qadınlar daima özlərinə kitab alırdılar ki, bu kitablar nəhayətində ailə kitabxanalarının bir hissəsinə çevrilirdi. Burada qadınların hədiyyə aldıqları kitabları da xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, orta əsrlərdə qadınlar kitab hədiyyə almağı  və hədiyyə etməyi çox xoşlayırdılar. Adətən bu mübadilələrdə ailə daxilindəki kişilər xüsusi rol oynayırdılar, ancaq heç də həmişə yox. Məsələn, nümunə kimi qrafinya Qabriella de la Tur d′Auvergnenin (Burbon ailəsinin gənc nümayəndəsi) XV əsrin ortalarına aid “Kleriad və Meliadisa” romanının surətini qardaşı qızlarından birinə hədiyyə etməsini misal göstərə bilərik.

Beləliklə, qətiyyətlə deyə bilərik ki, tarixdə bir çox kitabxanaların formalaşmasında məhz zəif cinsin nümayəndələri qalıcı iz qoymuşdur.

Bunlardan biri bəlkə də birincisi yunan əsilli qadın alim, filosof, riyaziyyatçı, astronom – İpatiyadır (350-415). O, atası ilə birlikdə qədim İsgəndəriyyə Kitabxanasında işləyirdi. İpatiyanın atası dövrünün ən məşhur riyaziyyatçısı idi.  İpatiya kitablara və elmə çox erkən maraq göstərirdi. İpatiya kiçik yaşlarından həndəsə və astronomiya sahəsində heyrətamiz uğurlar qazanaraq yüksək intellekti və elmi qabiliyyəti ilə seçilir və atasını belə üstələyir. İpatiyanın şöhrəti atası Teonun şöhrətini kölgədə qoyur və müasirləri ondan “atasından daha istedadlı və zərif” deyə bəhs edirdilər. İpatiyanın nüfuzu və şöhrəti o qədər böyük idi ki, Roma İmperiyasının hər yerindən, Kiçik Asiyanın uzaq ölkələrindən və bütün Aralıq dənizi sahillərindən insanlar İsgəndəriyyəyə onunla görüşmək, fəlsəfə, astronomiya, riyaziyyat, haqqında fikirlərini dinləmək və onun yanında işləmək üçün gedirdilər. Məşhur İsgəndəriyyə Kitabxanasında xristianlar yanğın törədəndə İpatiya təsadüfən xilas olmuş bir çox qiymətli nəşrləri öz yoldaşları ilə birgə bərpa etmiş, üzünü köçürmüşdir. Kitabxanaçı İpatiyanın adı dünyanın ən ağıllı qadınları siyahında yer almışdır.

Rusiyada ilk kitabxanaçı qadın XII əsrin məşhur maarifpərvəri,  knyaginya Evfrosinya Polotskaya hesab olunur. Evfrosinya Rusiyanın əsas kitabsaxlayıcılarından biri Polotsk Müqəddəs Sofiya kilsəsinin kitabxanasının yaranmasında böyük rol oynamışdır. Gənc qadın Polotsk yepiskopu İlyanın icazəsi ilə Müqəddəs Sofiya kilsəsində kitabların saxlanması üçün nəzərdə tutulmuş otaqda məskunlaşmışdı. Evfrosinya boş vaxtlarını dua etməklə və kitabların üzünü köçürməklə keçirirdi. Onun üzünü köçürdüyü kitabların bir hissəsi zəngin kilsə və monostrlara satılır və onun istəyi ilə ehtiyac sahiblərinə paylanırdı. Evfrosinya şeir yazır, yunan və latın dilindən tərcümələr edir, dualar hazırlayırdı.

İlk qadın kitabxanaçılar sırasında Bizans İmperiyasının məşhur tarixçisi “Aleksiad” əsərinin müəllifi Bizanslı şahzadə, alim, həkim Anna Komninanı da qeyd etmək lazımdır. Anna  Bizans İmperatoru I Aleksin qızıdır və orta əsrlərdə ədəbiyyat, ritorika və s. elmlərə dair mükəmməl təhsil almışdı. Qapalı saray mühitində yetişmiş şahzadənin təhsilində anası və nənəsi ilə yanaşı orta əsr alimlərindən Nikita Honiatsın da təsiri olmuşdur. Anna xüsusi olaraq fəlsəfəyə maraq göstərmiş və kitablara olan marağı sayəsində bütün biliklərin kraliçasına çevrilmişdi.

Şərqdə Anadolunun müxtəlif vilayətlərində olduğu kimi İstanbulda da kitabxanalar quran Sultanlar və Validə Sultanlar olmuşdur. Osmanlı dövründə qadınlar tərəfindən qurulan kitabxanaların təsis sənədləri (indiki qaydalar) araşdırıldığında, kitabxananın bir təşkilat olaraq fəaliyyət göstərməsi ilə bağlı bütün ehtiyacların nəzərə alındığı görülür. Kitabxanada işləyəcək  “Hafız-ı Kütüp” (mütəxəssis kitabxanaçılar), katiblər, kitabçılar, cild ustaları və s. rüsumlar, ödəniləcək əməkhaqqı, təmin ediləcək sosial imkanlar ətraflı müəyyən edilib. Osmanlı tarixində 9 qadın kitabxanası məlumdur ki, onların qurucusu kimi Nurbanu Sultan (1582), İsmihan Sultan (1582), Turhan Sultan (1664), Gülnüş Sultan (1664), Salihə Sultan (1752) və digər sultanların adı keçir. Bunlardan  İstanbulda ilk kitabxana quran qadın Nurbanu Sultan hesab olunur.

Orta əsrlərə aid qaynaqlardan soylu qadınların  və orta sinifdən olan bəzi qadınların çoxlu sayda əlyazması, ya da çap əsərlərinə və kitabxanalara sahib olduğu məlum olur. Anna-Mariya- Legar, 1300-1500 illər arasında Fransa və Burqundiyadakı qaynaqlarda qadın kitabxanaçılar haqqında araşdırma aparmışdır. Araşdırmalara əsasən məlum olmuşdur ki, kitabxanaçı qadınlara  aid XIV yüzildə 95, XV yüzildə isə 370 dən çox mənbə vardır.

Türkiyədə Səlcuqlar dövründə dövlətin paytaxtı Konya şəhərində bir çox  kitabxanaların fəaliyyət göstərdiyi məlumdur. Türkiyə kitabxanaçılıq tarixində ilk kitabxanaçı qadın Kutlu Mələk Xatun sayılır. Tarixi mənbələrə görə Siracəddin Urməvi nəslindən Bədrəddin Mahmudun zövcəsi Kutlu Mələk Xatun (XIII əsr) Konyada Atabekiyyə Mədrəsəsi yaxınlarında qurduğu “Dar’ül-Huffaz” (Hafizlik məktəbi) yaxınlarında bir vəqf kitabxanası yaratmışdır. Kutlu Mələk Xatun burada  ulu babası Kadı Siracəddin Urməvinin (…-1282)  əsərlərini və kitablarını toplamışdı. Bu hafizlik məktəbi bugünkü Konya Qız Liseyinin yerində və ya Əli Gav Xanigahının Qərbində yerləşirdi. Kutlu Mələk Xatunun bağışladığı kitablar Cümhuriyyət dövründə Yusifağa Kitabxanasına verilmişdir. Bu kitablardan günümüzə 20-25 nüsxəsi gəlib çatmışdır. Kutlu Mələk Xatun kitabxanasından bağışlanmış kitablar arasında Kadı Siracəddinin əsərlərinin əsl nüsxələri də mövcuddur. Hər bir əsərin üzərinə Kutlu Mələk Xatun adına düzülüş vəqf qeydi yazılmışdır.

XVIII əsrdə  Azərbaycanın görkəmli maarifpərvər qadınlarından olan Xəlisə qarını ilk kitabxanaçı qadın hesab etmək olar. Xəlisə qarı dövrün savadlı ziyalılarından olmuş Hacı Bayramın ailəsində dünyaya gəlmiş, uşaq yaşlarından xüsusi istedadı ilə seçilmişdir. Kitaba sonsuz maraq bəslədiyindən yaxınları ona müxtəlif kitablar hədiyyə etmiş və ya qiymətli əsərlərin üzlərini köçürtdürmüşlər. Xəlisə 17 yaşında İstanbulda  təhsil almış Məhəmməd adlı şəxslə ailə qurmuşdur. Ərinin savadlı və alicənab olması onun kitabxanasının daha da zənginləşməsinə şərait yaratmışdı. Xəlisə qarı el ədəbiyyatına, xalq yaradıcılığına böyük həvəs göstərmiş, çoxlu miqdarda xalq ədəbiyyatı nümunələri toplamış və yazıya almışdı. Hal-hazırda AMEA Əlyazmalar İnstitutunda saxlanılan iki mindən çox adda əlyazma və qədim çap kitabı, arxeoqrafik sənədlər – orta əsr yazılı abidələri Xəlisə qarının bizə qoyub getdiyi zəngin irsidir. Xəlisə qarı evindəki kitabxananı sonralar ibtidai məktəbə çevirmişdir. O, dərin biliyi və və nəcib əxlaqi keyfiyyətləri ilə yaşadığı Şəki şəhərində  böyük nüfuz qazanmışdı.

Bu gün kitabxanalarda qadınların işləməsi adi hal kimi görünsə də uzun illər bütün sahələrdə olduğu kimi kitabxana sahəsində də qadınların rəsmi olaraq çalışması nadir hal idi.  Gənc xanımları kitabxanalarda könüllü fəaliyyətə belə az hallarda qəbul edirdilər. Qadınlar yalnız Rusiyada deyil ən qabaqcıl Qərb ölkələrində belə kitabxanalarda az yer tuturdular və onlar  peşəkar kitabxanaçıların tərkibində yalnız XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində görünməyə başladılar.

Amerika Birləşmiş Ştatlarında 1917-ci ildən seçki hüququ hərəkatı sayəsində kitabxanaçı qadınlar mövcud idi. Onu da qeyd etmək lazımdır ki, 1929-cu ildə Amerika Birləşmiş Ştatlarında yaşanan böyük böhranda Prezident Franklin Ruzveltlə bərabər  böyük inkişaf planları hazırlayan “atlı kitabxanaçılar”ın hamısı qadın idi. Bu qadınlar Kentuçya əyalətinin uzaq bölgələrinə, dağlarına, quş uçmaz, karvan keçməz yerlərinə illərlə kitab daşımışlar. “Atlı kitabxanaçılar” ideyasının müəllifi isə Mey Stafford olmuşdur. Kitabxanaçı-qadınlar (yəni əksər hallarda kitabxanaçılar qadınlardan olurdu) fəaliyyətlərinə kitablar və dövrü mətbuatın ən ucqar yerlərə çatdırılması kimi ən aktual funksiyanı da əlavə edərək, yeni bir proqram üzrə çalışırdılar. Bu proqramın ən ümdə məqsədi: uçqar yerlərdə yaşayan sakinlərin və onların övladlarının sosiallaşmasına yardım göstərmək, onların savadlı olması və gələcəkdə işsiz qalmaması idi. Nə qədər qəribə səslənsə də, keçilməz meşələrin və dağ yamaclarının oxucularını dünyada baş verən yeniliklərinə aid kitablar deyil, çox sadə, adi məişət mövzusunda, kulinariya-mətbəx kitabçaları kimi, eləcə də az məlumatları olan, fərqli həyat tərzi ilə seçilən, başqa aləmin qəhrəmanları barədə bədii əsərlər cəlb edir, kitabxanaçılardan bu səpkidə ədəbiyyat tələb edilirdi. 1936-cı ildə 50000 ailəyə, 1937-ci ildə 155 dövlət məktəbinə xidmət göstərilmişdir.  1938-ci ilin sonunda 29 bölgədə atla xidmət edən 274 kitabxanaçı qadın var idi. “Atlı kitabxanaçılar” proqramında ümumilikdə 1000 qadını iştirak etmişdir.

Tarixin hər dövründə qadın və kişi  cəmiyyətdə bərabər iz qoymuşdur. Lakin tarix yazanlar daha çox kişilər olduğundan qadınların əməyi kölgədə qalmışdır. Buna görə də uzun illər  qadın cəmiyyətdə və ailədə tutduğu yer, oynadığı rola görə lazımı qiymətini almamışdır. Bütün dünyada, eləcə də bir Şərq ölkəsi kimi Azərbaycanda da qadın hüquqi bərabərlik qazanmaq üçün uzun müddətli tarixi mücadilə aparmışdır. Müasir Azərbaycan qadını isə yalnız kitabxanalarda deyil, bütün sahələrdə cəmiyyət üçün daha yaxşı gələcəyin inşa edilməsinin təminatçısıdır.

Səyyarə MƏMMƏDOVA

AMEA Mərkəzi Elmi Kitabxana

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir