Xalq yazıçısı Anarın yeni kitabı Türkiyədə çapdan çıxdı
Türkiyənin nüfuzli “KeTeBe” nəşriyyatı görkəmli yazar və tərcüməçi İmdat Avşarın tərcüməsində Xalq yazıçısı Anarın silsilə kitablarını çap edir.
“İNFONEWS” -un əldə etdiyi məlumatına görə, keçən il müəllifin «Ağ liman» povesti, «Beş mərtələli evin altıncı mərtəbəsi» romanı və «Təhminənin son sirri» hekayələri kitab şəklində nəşr edilmişdi. Bu günlərdə həmin silsilədən İmdat Avşarın çevirisində «Bir fürsət bulsam» («Macal»), «Dantenin yubileyi», «Otel otağı» povestləri, «Balaca Fuadın son xahişi», «Kəbirlinskinin son etirafı», «Mühəqqəq görüşürüz-mütləq görüşərik» hekayələrindən ibarət olan kitab işıq üzü görüb. İlk dəfə türkcəyə uyğunlaşdırılan hekayələrdən başqa roman və povestlər ayrı tərcümələrdə Türkiyədə dəfələrlə nəşr olunmuşlar.
Kitabın sonunda belə bir yazı verilmişdir: “Bu kitab, kəlmələrlə dünyanı yenidən inşa edən dil memarı Anarın əsərlərini bir araya gətirir. Müəllif «böyük qayğılarıyla, kiçik sevincləriylə» yaşayan insanı və həyatı anlatmaq üçün çıxdığı yollarda sıradan insanların qeyri-adi sərgüzəştlərini izləyir və insanlığın ortaq problemlərini həssaslıqla qələmə alır. Anar insanların yalnızlığını, varlığın mənasını araşdırır, dağınıq dünyalarıyla rəsm etdiyi xarakterlərin zaman, həqiqət və vicdan işığında qələmə alarkən yazıçı həyatın mürəkkəbliyini göstərən bənzərsiz bir baxış açısı sərgiləyir.”
Azərbaycan cəmiyyətinin 20-ci əsrdə yaşadığı böyük dəyişikliklərə ayna tutan, Sovet, xüsusiylə də, Stalin dönəminin zorluqlarına, aşkarlıq və yenidənqurma siyasətinə, Azərbaycan-Türkiyə münasibətlərinə həssaslıqla yanaşan Anar mühitin dərin arxa planını təsvir edərkən ara-sıra meydana çıxan əxlaqi aşınmanın, qeyb olan mənəvi dəyərlərin, insan ruhunun dolaşıq və qaranlıq tərəflərinin də mənzərəsini canlandırır.