“İnsanların dəyişiminə həm səbəb və həm də şahid olmaq bir başqa mükafatdır”
“İNFONEWS” – un “GÜNƏBAXANLAR” forumunda SAĞLAMLIQ
“Ritzy Fitness” komandası ilə tanışlığa davam edirik.
Sizi bu peşəyə bağlayan və ən çox motivasiya edən amil nədir?
- Məni ən çox motivasiya edən insanların dəyişimini gözümlə görməkdir. İlk gün zala çəkinə-çəkinə girən insan bir neçə aydan sonra özünəinamla məşq edir, qamətini düz saxlayır. Bu dəyişim təkcə bədəndə deyil, xarakterdə də olur. İdman insana intizam, səbir və özünə hörmət qazandırır. Bu prosesin bir hissəsi olmaq mənim üçün ən böyük mükafatdır.
Ağır atletika yoxsa kardio: yeni başlayanlara hansı daha faydalıdır?
- Bu, “ya o, ya bu” sualı deyil, ən yaxşı nəticə ikisinin birləşməsindən alınır. Güc məşqləri əzələləri, sümükləri və oynaqları möhkəmləndirir, maddələr mübadiləsini sürətləndirir. Kardio isə ürək-damar sistemi və dözümlülük üçün vacibdir. Yeni başlayanlara adətən yüngül çəkilərlə düzgün texnikanı öyrənməyi və məşqi qısa kardio ilə tamamlamağı tövsiyə edirəm. Proqram isə insanın məqsədinə, yaşına və sağlamlığına görə fərdi qurulmalıdır.
Kişilərin zalda ən çox etdiyi səhv hansıdır?
- Ən çox rast gəldiyim səhv çəkini texnikadan önə qoymaqdır. Çoxları ətrafdakılara baxıb, hazır olmadan ağır çəki qaldırmağa çalışır. Nəticədə bel, çiyin və diz zədələri yaranır. Mən həmişə deyirəm: əvvəlcə, hərəkəti düzgün öyrən, çəki sonra gələcək. Bir də isinmə və məşqdən sonrakı dartılma hərəkətlərini çox vaxt nəzərə almırlar, halbuki zədənin qarşısını alan məhz bunlardır.
Cəbrayıl YAQUBOV
fitness məşqçisi
