Azərbaycanda kənd təsərrüfatı layihələrində dövlət-özəl sektor tərəfdaşlığı barədə növbəti konfrans keçirilib
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.
ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan missiyasının (USAID/Azərbaycan) birgə təşkilatçılığı ilə Azərbaycanda kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələrdə dövlət-özəl sektor tərəfdaşlığı (PPP) barədə növbəti onlayn konfrans keçirilib. Sayca üçüncü olan budəfəki konfransın mövzusu “Azərbaycanda dayanıqlı suvarma layihələri üçün dövlət-özəl sektor tərəfdaşlığına” həsr edilib.
Konfransda əsas natiqlər qismində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadə şöbəsinin müdiri Firudin Tağıyev, Dünya Bankının kənd təsərrüfatının iqtisadiyyatı üzrə mütəxəssisi Stiv Qos və suvarma texnologiyalarının istehsalçısı olan “Lindsay” şirkətinin qlobal kənd təsərrüfatı suvarması üzrə prezidenti Qustavo Oberto çıxış edib.
Firudin Tağıyev çıxış edərək Azərbaycanın hazırkı su ehtiyatları, suvarma əkinçiliyinin kənd təsərrüfatındakı rolu, su resurslarının mövcud idarəetməsi və suvarmada mövcud problemlər barədə danışıb. Daha sonra çıxış edən Stiv Qos suvarma layihələrində dövlətin və özəl sektorun rolu, eləcə də tərəfdaşlar arasında mümkün iş bölgüsü mexanizmləri barədə danışıb, beynəlxalq təcrübələrdən nümunələr gətirib. Onun sözlərinə görə, suvarma sahəsinin spesifikliyini nəzərə alaraq, tərəfdaşlığın formatından asılı olmayaraq, bu sahənin tam özəlləşdirilməsi mümkün deyil və bu kimi layihələrdə hər zaman dövlətin rolu olmalıdır. S.Qos əlavə edib ki, suvarma sahəsində PPP formatının uğuru daha çox istehsal olunan kənd təsərrüfatının iqtisadi faydalılığından asılıdır.
“Lindsay” şirkətinin prezidenti çıxış edərək, təmsil etdiyi şirkətin son 10 ildə Azərbaycanın suvarma bazarında iştirak etdiyini və şirkətin məhsullarına Azərbaycanda marağın artdığını bildirib. Daha sonra konfrans sual-cavab sessiyası ilə davam edib.
Konfransa 40-dan artıq müxtəlif şirkətlərin, eləcə də beynəlxalq maliyyə və inkişaf qurumlarının nümayəndələri qatılıb. Müzakirələrin effektivliyinin təmin edilməsi məqsədilə ingilis və Azərbaycan dillərində sinxron tərcümə təmin edilib.
Suvarma sahəsinə həsr edilmiş budəfəki müzakirələr USACC və USAID-in Azərbaycan Missiyasının “Azərbaycanın kənd təsərrüfatı sahəsində dövlət-özəl sektor tərəfdaşlığının hüquqi və praktiki tərəfləri” layihəsi çərçivəsində keçirilmiş sayca üçüncü və sonuncu onlayn konfransdır. Kənd təsərrüfatında dövlət-özəl sektor tərəfdaşlığının müxtəlif aspektlərinə həsr edilmiş 3 onlayn konfransın nəticələrinin hesabat formasında hazırlanaraq dərc edilməsi gözlənilir.